Nizami rayonunda İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın təşkilatçılığı ilə 06 iyun 2017-ci il tarixində 250 №-li tam orta məktəbdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 18 iyun İnsan Hüquqları Günü münasibətilə respublikamızda may ayının 18-dən iyun ayının 18-dək elan olunmuş “İnsan Hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir – "Dini etiqad azadlığı - multikulturalizm və tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov giriş sözü ilə tədbiri açaraq bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”na əsasən respublikamızda etnik, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bütün insanlar üçün bərabər imkanlar və şərait yaradılıb, insan hüquqlarının və azadlıqlarının təmini sahəsində mühüm işlər həyata keçirilib.
Məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün – iyunun 18-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla İnsan Hüquqları Günü elan edilib.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədidir və bu sahədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Fidan Aslanova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və 250 №-li tam orta məktəbin direktoru Nazim Adıgözəlov çıxış edib, dini etiqad azadlığı və uşaq hüquqları, həmçinin multikulturalizm və tolerant dəyərlər barədə iştirakçılara məlumatlar veriblər.
Diskussiya şəklində davam edən dəyirmi masada şagirdlərin sualları cavablandırılıb, bir sıra zəruri məsələlər ətrafında müzakirələr aparılıb.