Müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksinin açılışı
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksinin açılış mərasimində iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə yol qovşağının tikintisi və texniki göstəriciləri barədə məlumat verərək bildirdi ki, bu yol qovşağının tikintisinə dövlət başçısının müvafiq sərəncamına əsasən 2006-cı il aprelin 11-də başlanmışdır. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 680 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.
Diqqətə çatdırıldı ki, qovşağın uzunluğu 1286 metr olan birinci kompleksi 2008-ci il sentyabrın 23-də istismara verilmişdir. Yol ötürücüsünün bu hissəsində üç körpü, yol yanaşmaları və avtomobil yolu yerləşir. Qovşağın ikinci kompleksi isə 2010-cu il iyulun 2-də açılmışdır. Uzunluğu 1194 metr olan ikinci kompleks beş körpü və körpü yanaşmalarını özündə birləşdirir. İstifadəyə hazır olan qovşağın üçüncü-son kompleksinin ümumi uzunluğu isə 1200 metrdir. Burada uzunluğu 360 metr olan asma konstruksiyalı ikiaşırımlı yolötürücüsü inşa olunmuşdur.
Qeyd edildi ki, hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci kilometr, Əhmədli, Günəşli yaşayış massivləri və Zığ dairəsi-hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa olunan üçüncü kompleksin asma dayağının hündürlüyü 93 metr, körpüdəki yolun hərəkət hissəsinin eni isə 9 metrdir. Aşırım qurğusunda 52 kanatdan istifadə olunmuşdur. Bu kompleksin ətrafında 2500 kvadrat metr sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Bildirildi ki, inşası tam başa çatdırılan üçkompleksli bu qovşaq hava limanı, Qara Qarayev, 20 Yanvar prospektləri, 8-ci kilometr yaşayış massivi, Bakıxanov qəsəbəsi, paytaxtın mərkəzi istiqamətilərində avtomobillərin sərbəst və təhlükəsiz hərəkətini təmin etməklə, ərazidə tixac probleminin həllinə imkan yaradacaqdır.