Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Silahlı Qüvvələr Günü qeyd edilib

22 iyun 2017 | 16:00

22 iyun 2017-ci il tarixində 250 saylı tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə şəhid Bəhruz Nuriyevin məktəbin qarşısındakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Nizami rayon təşkilatının hazırladığı “Bəhruz Nuriyev: ölməz və örnək qəhrəman” adlı filmin təqdimatı olub.
Filmdə şəhid B.Nuriyevin uşaqlıq və gənclik illərindən, onun keçdiyi uzun döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib.
Sonra B.Nuriyev haqqında ailə üzvləri, döyüş yoldaşları öz xatirələrini bölüşüblər.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ordumuzun şanlı tarixindən, onun yaradılmasından danışaraq, bu günün bayram kimi tarixləşməsi müəllifinin müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayıb.
Vurğulanıb ki, ordu quruculuğu üçün vacib şərtlərdən biri dövlətin müstəqilliyi amilidirsə, digər vacib şərt iqtisadi potensialın və sabitliyin yaradılmasıdır. Bu gün Azərbaycan ona görə güclü orduya malikdir ki, onun dönməz müstəqilliyi, dinamik şəkildə inkişaf edən iqtisadiyyatı və davamlı sabitliyi var. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı başlatdığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Böyük quruculuq yolu keçərək öz peşəkarlığını artıran ordumuz maddi-texniki bazasını mütəmadi gücləndirərək düşməni hər an məhv etməyə və işğal altında olan torpaqlarımızı tez bir zamanda azad etməyə hazırdır.
Digər çıxışçılar da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.

Keçidlər