Nizami rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib
23 iyun 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib.
Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. A.Qasımov ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü təsis edilməsi ilə əlaqədar 2006-cı il 25 may tarixli sərəncam imzaladığını və bu sərəncamın icrası olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq Dövlət İdarəçilik Akademiyasında dövlət qulluğunun aktual problemlərinə dair keçirilən elmi-praktik konfranslarda Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının iştirak etdiyini, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında rayon ictimaiyyətinin məlumatlandırıldığını, həmçinin dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının ölkə başçısı tərəfindən hər il olduğu kimi, bu il də medalla təltif edildiyini, aparatın dövlət qulluqçularına ixtisas dərəcələrinin verildiyini diqqətə çatdırıb.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək, ölkədə ilk dəfə “dövlət qulluğu” anlayışının müstəqillik əldə edildikdən sonra məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumunda qəbul edilən Konstitusiyada öz əksini tapdığını, 2000-ci il iyulun 21-də isə “Dövlət qulluğu haqqında” Qanun qəbul edildiyini və bu Qanunun qəbul olunmasının respublikada dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri olduğunu söyləyib. G.İsrafilova bu gün respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin qurulduğunu, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradıldığını qeyd edib.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Hacımurad Hənifəyev çıxış edərək, bu əlamətdar tarixin dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olduğunu və məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq etdiyini vurğulayıblar.
Natiqlər çıxışlarının sonunda dövlət qulluqçularını təbrik edərək, onlara çətin və məsuliyyətli, eyni zamanda şərəfli işlərində uğurlar arzulayıblar.
Çıxışlardan sonra A.Qasımov “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmiş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədovu təbrik edib, ona cansağlığı və işlərində uğurlar arzulayıb.
Sonda A.Qasımov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusunu mükafatlandırıb.