Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

17 iyul 2017 | 16:00

17 iyul 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov  iştirak ediblər.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyul ayının 12-də keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın uğurla inkişaf etdiyini, sabitliyin möhkəmləndiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu, ölkənin daha da gücləndiyini və beynəlxalq əlaqələrin dərinləşdiyini söylədiyini diqqətə çatdırıb.  A.Qasımov cənab Prezidentin dövlət tərəfindən sahibkarlara güzəştli şərtlərlə kreditlər verildiyini, sosial məsələlərin həllinin daim diqqət mərkəzində saxlanıldığını, beş milyondan çox insanın bu il pulsuz müayinədən keçdiyini, inşaat sektorunda canlanmanın müşahidə olunduğunu, sosial infrastruktur obyektlərinin tikintisinin aparıldığını, sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atıldığını, kənd yolları və Bakı şəhərində böyük yol infrastrukturu layihələrinin icra edildiyini söylədiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin dövlət başçısının bu ilin inkişaf ili olacağını bildirdiyini və sonrakı illərdə də Azərbaycanın öz iqtisadi potensialını daha da gücləndirəcəyini əminliklə vurğuladığını söyləyib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2017-ci ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.
İ.Mehdiyev respublikada olduğu kimi, Nizami rayonunda da hesabat dövründə uğurlar əldə olunduğunu, iqtisadi baxımdan rayonun inkişaf etdiyini, yenidənqurma və əsaslı təmir işləri aparıldığını qeyd edib.
İ.Mehdiyev 2017-ci ilin yanvar-iyun aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 211,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini, bunun da ötən ilə nisbətən 0,4 faiz artdığını, istehsalın 27,4 faizinin qeyri-dövlət sektoruna aid olduğunu, ixrac olunmuş malların dəyərinin 1,7 milyon manat təşkil etdiyini, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 52,0 milyon manat olduğunu, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 31,8 milyon manat həcmində investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 1037,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 109,7 milyon manat olduğunu, rabitə sahəsində ötən ilin müvafiq dövrünə nisbətən 12,6 faiz artaraq 179,3 milyon manat, nəqliyyat sahəsində isə 65,7 milyon manat dəyərində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Həmçinin cari ilin yanvar-iyun aylarında rayonda 2270 yeni iş yeri açıldığını, orta aylıq əmək haqqının ötən ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 645,3 manat təşkil etdiyini söyləyib.
İ.Mehdiyev Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 2654 nəfərin qeydiyyata götürüldüyünü, hesabat dövründə mərkəzə müraciət edənlərdən 717 nəfərin münasib işlə təmin edildiyini də nəzərə çatdırıb.
Bunlardan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə fevral ayının 2-dən may ayının 15-dək ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 116 572 nəfərdən 90017 nəfərin pulsuz  tibbi müayinədən keçdiyini, onlardan 3624 nəfərin ambulator, 273 nəfərin isə stasionar müalicəyə göndərildiyini qeyd edib.
İ.Mehdiyev ictimai-siyasi və humanitar, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər barədə də hesabat verib. Eyni zamanda rayon əhalisinin məşğulluğunun təmin olunması üçün yeni iş yerlərinin yaradılması, məhəllələrin abadlaşdırılmasının davam etdirilməsi, müxtəlif ünvanlarda olmaqla həmişəyaşıl ağacların əkilməsi, istiliklə təchizatın yaxşılaşdırılması məqsədilə müxtəlif ünvanlarda aşağıpaylayıcı və məhəllədaxili istilik xətlərinin dəyişdirilməsi kimi işlərin 2017-ci ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov dövlət başçısı cənab İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutduğunu, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını söyləyiblər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.

 

Keçidlər