Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği” layihəsi çərçivəsində təlimlərə start verilib

22 iyul 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “İnternat məzunu olan gənclərə “davranış qaydaları və etik normaların təbliği” layihəsi həyata keçirilir.
Yaşadığımız mühitdə internat məktəbində oxuyub orada həddi-buluğa çatan gənclər müəssisədaxili qayda-qanunlar çərçivəsində ictimaiyyətdən kənarda və illərlə eyni mühit və eyni insanlar arasında böyüdükləri üçün internat məktəbini tərk etdikdən sonra müstəqil həyata addım atarkən bir çox problemlərlə rastlaşırlar. Bu problemləri aradan qaldırmaq və gənclərimizə dəstək olmaq məqsədilə yuxarıda adıçəkilən layihələrin həyata keçirilməsinə başlanılıb.
Layihənin əsas məqsədi Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayon 1 saylı xüsusi internat məktəbi və Xətai rayon 3 saylı uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq davranış qaydaları, vətənpərvərlik və milli-mənəvi dəyərləri təbliğ etmək, onların dünyagörüşünün artırılması məqsədilə tarixi abidələr, diyarşünaslıq muzeyləri və s. kimi maddi-mədəniyyət abidələrinə gəzintilər təşkil etmək, maarifləndirici təlimlər keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstərməkdir.
22 İyul 2017-ci il tarixində 12 nömrəli tam orta məktəbdə "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin "İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği" layihəsi çərçivəsində təlimlərə start verilib.
Təlimin ilk günü internat məzunlarının görüşünə gələn Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirakçıları salamlayaraq internat uşaqları ilə bağlı dövlətimizin həyata keçirdiyi çoxsaylı tədbirlərdən və qayğılardan danışıb, internat məzunlarının bu layihəsinə uğurlar arzulayıb.
Davranış qaydaları və etik normaların çoxsaylı komponentlərindən məlumat verən təlimçi Şahin Rəcəbov mövzunun müasir cəmiyyət üçün çox aktual olduğunu qeyd edib. Birliyin sədri Araz Əhmədov artıq internat və uşaq evində böyüyüb orada təhsil alan gənclər haqqında cəmiyyətdə mövcud olan stereotipləri aşaraq bu təşkilatın cəmiyyət üçün çox faydalı kadr bazasını hazırladığını, bu təbəqə haqqında pozitiv fikrin formalaşdığını söyləyib.
Təlimdən sonra iştirakçılar Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiya ediblər.
23 iyul 2017-ci il tarixində növbəti təlimdən sonra gənclər, “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunda Qızqalası və Şirvanşahlar sarayının tarixi haqqında ətraflı və maraqlı məlumatlar alıblar.
Təlimlər iki həftə davam edəcək, növbəti həftə "İMSİ" gəncləri Qobustan Dövlət Tarix-Bədii Qoruğuna səfər edəcəklər. Layihənin sonunda təlimlərə qoşulan gənclər üçün uç günlük düşərgə təşkil olunacaq və gənclərimiz Şamaxı və İsmayıllı rayonlarında yerləşən bir necə tarixi yerlərlə tanış olacaqlar.

Keçidlər