Nizami rayonunda yeni özəl bağça açılıb
25 avqust 2017 | 16:00
25 avqust 2017-ci il tarixində Nizami rayonunda Ş.Mirzəyev küçəsi 106 ünvanında yeni inşa edilən hündürmərtəbəli binanın birinci və ikinci mərtəbəsində yerləşən “İndigo” özəl bağçasının Qara Qarayev filialının açılışı olub.
Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. Son illərdə ölkədə bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.
A.Qasımov, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində Bakıda uşaq bağçası problemini həll etmək məqsədilə yeni tikilən, xüsusilə istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində inşa ediləcək binaların birinci mərtəbəsində uşaq bağçalarının nəzərdə tutulması tapşırığını verdiyini vurğulayıb.
Sonra məktəbəqədər təhsil ocağının rəmzi açılışını bildirən lent kəsilib və açılış mərasimində iştirak edənlər bağçada yaradılmış şəraitlə yaxından tanış olublar.
Bağçanın rəhbərliyi məlumat verərək tədris sahəsi 1000 kv.m, həyətyanı sahəsi 500 kv.m olan bağçada qrupların sayının 5 olmaqla 100-110 nəfər uşaq yeri planlaşdırıldığını bildirib. Hazırda bağçaya 35 uşağın qəbul edildiyini və açılışa 50 uşaqla başlanacağını, işçilərin sayının isə 30 nəfər olduğunu diqqətə çatdırıb. Uşaq bağçasında tədris qruplarının 2 dildə – rus və Azərbaycan dillərində təşkil olunduğunu və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə etdiyini, uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarının tətbiq edildiyini nəzərə çatdırıb. Bağçada uşaqların asudə vaxtının səmərəli təşkili üçün idman və oyun zallarının, attraksionların yaradıldığını, maraqlı və rəngli lövhələrin hazırlandığını, açıq havada istirahət üçün yerlərin ayrıldığını nəzərə çatdırıb. Eyni zamanda yataq, yemək, dərs, musiqi, rəsm otaqlarının mövcud olduğunu və otaqların ekoloji cəhətdən təmiz materiallardan hazırlanan oyuncaqlarla təmin olunduğunu söyləyib.