Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Müqəddəs Qurban Bayramı qeyd edilib

01 sentyabr 2017 | 16:00

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.    

Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir. 

Ənənəvi olaraq Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu il də rayonda  Müqəddəs Qurban bayramı münasibətilə bir neçə ünvanda qurbanlar kəsilərək Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlilləri və veteranlarına, şəhid ailələri üzvlərinə, rayon ağsaqqallarına, imkansız və aztəminatlı ailələrə, ümumilikdə 4200 ailəyə qurban payları paylanmışdır. Eyni zamanda, yataq xəstələri olan, fiziki imkanları məhdud  rayon sakinlərinə də evlərinə qurban payları və bayram hədiyyələri çatdırılmışdır.

Keçidlər