Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2016/2017-ci tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2017/2018-ci dərs ilinə hazırlığın vəziyyəti barədə konfrans keçirilib

13 sentyabr 2017 | 16:00
13 sentyabr 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində 2016/2017-ci tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2017/2018-ci dərs ilinə hazırlığın vəziyyəti barədə konfrans keçirilib.
Konfransda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ilk öncə təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binalarının tikildiyini, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunduğunu və məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görüldüyünü qeyd edərək, Nizami rayonunda da bu istiqamətdə xeyli uğurların əldə edildiyini bildirib. Həmçinin A.Qasımov yola salınan tədris ilində Nizami rayon məktəblərinin qazandıqları nailiyyətləri yüksək qiymətləndirərək təhsil müəssisələrinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2016/2017-ci tədris ilinin yekunları və rayonun təhsil müəssisələrinin yeni 2017/2018-ci dərs ilinə hazırlıq vəziyyəti barədə çıxış edib.
O, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən rayonun daxili resursları hesabına 61 №-li məktəbin ərazisində süni örtüklü voleybol, basketbol və futbol meydançaları qurulduğunu, 109, 214, 229 №-li məktəblərin, 103 №-li uşaq bağçasının və Bakı Texniki Kollecin əsaslı təmir olunduğunu bildirib.
2016-cı ildə Dövlət Proqramı çərçivəsində 32 №-li orta məktəbdə 800 şagird yerlik (40 sinif), 238 №-li orta məktəbdə 320 şagird yerlik (16 sinif), 12 №-li orta məktəbdə isə 360 şagird yerlik (18 sinif) əlavə tədris korpusları tikildiyini, eyni zamanda, Təhsil Nazirliyi tərəfindən Kimya-biologiya təmayüllü Respublika liseyinin əsas korpusu, yardımçı otaqları və yeməkxanasının əsaslı təmir olunduğunu, yataqxana korpusunda isə cari təmir işlərinin görüldüyünü söyləyib.
G.İsrafilova 2017-ci ildə həmin proqram çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 10 №-li orta məktəb və 62 №-li məktəb-liseyin, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən isə 201 №-li orta məktəbin əsaslı təmir edildiyini və 05 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər 3 məktəbdə yaradılmış şəraitlə tanış olduğunu diqqətə çatdırıb.
Daha sonra, 62 №-li məktəb-liseyin direktoru Mətanət Cabbarlı, 680 bal toplayaraq tələbə adını qazanmış 220 №-li məktəb-liseyin məzunu Kamal Səlimov və 685 bal toplayaraq tələbə adını qazanmış 229 №-li məktəbin məzunu Azər Əmirovun atası Azad Əmirov çıxış edərək ölkəmizdə prioritet sahələrdən biri olan təhsilin inkişafına daim xüsusi diqqət yetirildiyini və gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün təhsil müəssisələrində yaradılan şəraitə görə ölkə başçısına və rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
Konfransın sonunda 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, 2016/2017-ci dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 1977 nəfər şagird bitirib, onlardan 1825 nəfəri ali məktəblərə sənəd verib və Dövlət İmtahan Mərkəzinin verdiyi rəsmi məlumata görə, sənəd verənlərin 1191 nəfəri, yəni 65,3%-i tələbə adını qazanıb (ötən ilki qəbul 58,6%).
2017-ci ildə rayon üzrə 1 məzun 700 bal (ötən ildə də 1 nəfər), 123 məzun isə 600-dən yuxarı bal (ötən il 121 nəfər) toplayıb, onlardan da 58 nəfəri (ötən il 41 nəfər) 650 baldan yüksək nəticə göstərib.
 
 
 
 
 
 
 
 
Keçidlər