Nizami rayonunda 18 oktyabr Dövlət Müstəqilliyi Günü qeyd edilib
18 oktyabr 2017 | 16:00
18 oktyabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti Nizami Rayon Mədəniyyət Mərkəzi ilə birgə Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə tədbir keçirib.
Tədbirdə şəhid Zakir Nazim oğlu Cəfərov və Tural Sabir oğlu Dadaşovun ailə üzvləri iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirakçıları Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edərək, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunduğunu, 1993-cü ildə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn böyük düha Heydər Əliyevin müstəqil dövlətçiliyimizi böyük təhlükədən xilas etdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov xalqımızın ən böyük nailiyyətlərindən biri olan Dövlət müstəqilliyinin əldə edilməsinin, əbədiliyi və dönməzliyinin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. Heydər Əliyevin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığının Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardığını qeyd edən natiq, ulu öndərin ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi, mənəvi, psixoloji gərginliyi aradan qaldırdığını və Müstəqil Azərbaycan Respublikasının möhkəm əsaslar üzərində yeni inkişaf xətti tutduğunu söyləyib.
M.İbrahimov 26 il Azərbaycanın müstəqil dövlət kimi yaşadığını və inkişaf etdiyini, bu illərdə dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerini tutduğunu və hazırda tarixin ağır sınaqlarından çıxan respublikamızın özünəməxsus inkişaf yolu ilə inamla irəlilədiyini diqqətə çatdırıb.
Respublikanın müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan danışan natiq, ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini vurğulayıb.
Daha sonra, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva və şəhid Tural Dadaşovun anası Kəmalə Dadaşova çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğulları ilə qürur duyduqlarını söyləyiblər, onların vətənpərvərliyindən və mərdliyindən danışıblar, şəhidlərimizin xatirəsinə göstərilən yüksək ehtirama, onların ailələrinə diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər. Şəhid anaları ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəmanlarımızın, şəhidlərimizin qanının yerdə qalmayacağını və torpaqlarımızın tezliklə işğaldan azad olunacağını vurğulayıblar.
201 nömrəli tam orta məktəbin direktoru Süsən Salmanova çıxışında təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan Zakir və Turalın qısmində bütün şəhidlərə Allahdan rəhmət diləyib və bildirib ki, vətən uğrunda şəhid olmaq canından keçən oğullarımızın fəth elədiyi ən yüksək və şərəfli zirvədir. Məhz onların canı və qanı hesabına qazanılan azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. S.Salmanova belə övladlar böyütdüklərinə görə şəhid analarına təşəkkür edərək, onların qəlbində yaşayan ağrı və kədərin hər bir Azərbaycan qadınının ürəyində yaşadığınl vurğulayıb.
Tədbirdən sonra şəhid Zakir Cəfərov və Tural Dadaşovun məzarları ziyarət olunaraq əklillər qoyulub, 201 və 251 nömrəli tam orta məktəblərin şagirdləri tərəfindən şəhidlərə həsr olunan şeirlər səsləndirilib.