Nizami rayonunda “Kitab üzərindən açılan dünya“ adlı layihəyə start verilib
02 noyabr 2017 | 16:00
2 noyabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Kitab üzərindən açılan dünya“ adlı layihəyə rayonda start verilib.
Ilk olaraq 61 saylı tam orta məktəbin şagirdlərinin Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evinə ekskursiyası təşkil edilib. Ekskursiyada Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov, “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin eksperti Nailə İsmayılova, 61 saylı tam orta məktəbin direktoru Zemfira Şixəliyeva da iştirak ediblər.
“SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin eksperti Nailə İsmayılova layihənin əsas məqsədinin gənclər arasında kitaba münasibətin araşdırılması, onlara kitabın ərsəyə gəlməsində çəkilən zəhmətin dəyərləndirilməsinin aşılanması, kitab oxumağın insanın dünyagörüşündə, düşüncəsində yaratdığı dəyişikliyin başa salınması və peşə seçimində şagirdlərə istiqamət verilməsindən ibarət olduğunu bildirib.
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov Azərbaycanda kitab nəşri tarixindən, ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin qorunub saxlanması və Milli Kitabxananın yaradılmasında əvəzolunmaz xidmətlərindən bəhs edib.
61 saylı tam orta məktəbin şagirdləri Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evində kitabların çapı ilə bağlı istehsal prosesini əyani şəkildə müşahidə edib, istehsalatda çalışan mütəxəssislər tərəfindən kitab çapı ilə bağlı texniki biliklərə yiyələniblər.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edildiyini, Proqramın əsas məqsədlərindən birinin də Azərbaycan gənclərinin bilik və bacarıqlarının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və onlarda aşkar olunan potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə edilməsindən ibarət olduğunu qeyd edib. Eyni zamanda, yeniyetmə və gənclərə peşə seçimində kitabın rolunun önəmli olduğunu aşılamaqla bərabər, kitab istehsalının nə qədər əziyyət tələb edən bir proses olduğunu diqqətə çatdırıb.
Nizami rayonu 61 saylı məktəbin direktoru Zemfira Şixəliyeva təşkilatçılığa görə Nizami Rayon İcra Hakimiyyəti, “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyi və Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evinin rəhbərliyinə təşəkkür edərək, günün məktəblilər üçün səmərəli keçdiyini bildirib.
Ekskursiya zamanı layihədə iştirak edən məktəblilərə üzərində “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin loqosu həkk olunan köynəklər paylanıb və gənclər sertifikatlarla mükafatlandırılıblar, Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evinin rəhbərliyi tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.