Nizami rayonunda 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” adlı ümumrayon tədbiri keçirilib
08 noyabr 2017 | 16:00
08 noyabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti Rayon Mədəniyyət Mərkəzi ilə birgə 229 saylı tam orta məktəbdə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” adlı ümumrayon tədbiri keçirib.
İlk öncə tədbir iştirakçıları məktəbin həyətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra məktəbin foyesində şagirdlərin Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm əsərlərinə baxış keçirilib.
Məktəbin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin və məktəbin şagirdlərinin ifasında “Bayrağımız qürur mənbəyimizdir” adlı ədəbi-bədii kompozisiya nümayış etdirilib.
Tədbirdə çıxış edən 229 saylı tam orta məktəbin direktoru Fəridə Bağırova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Camal Bağırov, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı və Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzin – dövlət bayrağının milli dövlətçiliyin varlığını, xalqın iradəsini ifadə edən atributlardan biri olduğunu söyləyərək, hər bir Azərbaycan vətəndaşının bayrağımıza ehtiram göstərdiyini, bunu özünün müqəddəs borcu kimi qəbul etdiyini bildiriblər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək hər bir ölkənin tarixi və dövlətçilik ənənələrinin onun rəmzlərində və atributlarında öz əksini tapdığını qeyd edərək, üçrəngli bayrağımızın Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin rəmzi olduğunu və hər zaman əbədi olacağını vurğulayıb. A.Qasımov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti və səyi nəticəsində Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalandığını diqqətə çatdıraraq, bundan sonra da üçrəngli bayrağımızın bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcəyini qeyd edib.