Nizami rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib
10 noyabr 2017 | 16:00
10 noyabr 2017-ci il tarixIndə Nizami Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi ilə birgə 10 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştiraklı ilə “İslam dini və vətənpərvərlik” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev, 10 nömrəli tam orta məktəbin direktoru Leyla Məmmədova çıxış edərək qeyd ediblər ki, vətənpərvərlik tərbiyəsinin təbliği, yeniyetmə-gənclərin bu ruhda tərbiyə alması, onların milli-mənəvi dəyərlərə hörmətlə yanaşması məqsədilə ardıcıl olaraq maarifləndirmə işlərinin aparılmasının böyük əhəmiyyəti vardır.
Çıxışlarda bildirilib ki, İslam dinində vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilmiş, bu tərbiyə Vətən sevgisinin fövqündə dayanmışdır. Məhz Vətənə, ana torpağa, dinə olan sevginin qorunması naminə insanlar canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmışlar.
Çıxışlarda o da vurğulanıb ki, gənclərə vətənpərvərlik hisslərinin aşılanması sahəsində məqsədəmüvafiq işlərin həyata keçirilməsi üçün bütün aidiyyəti qurumların iştirakı ilə kompleks tədbirlər hazırlanıb həyata keçirilməli, eyni zamanda bu sahədə maarifləndirici tədbirlərin intensivliyi daha da artırılmalıdır.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.