Nizami rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilmişdir
25 noyabr 2017 | 16:00
Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın tədbirlər planına əsasən 24 noyabr 2017-ci il tarixində 12 №-li tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində məktəblilər arasında “İslam dini sülh, dostluq və həmrəylik dinidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə 20 tam orta məktəb üzrə 30 nəfər yuxarı sinif şagirdi iştirak etmişdir.
Tədbirdən öncə şagirdlərin, müəllim və qonaqların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masanı giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilmişdir. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın tədbirlər planı və görüləcək işlər müəyyən olunmuşdur. Ötən müddət ərzində rayonun aidiyyəti idarə və təşkilatlarında, xüsusilə də tədris müəssisələrində müxtəlif məzmunlu tədbirlər keçirilmişdir. Bu gün inşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd şagirdlərin İslam dini haqqında biliklərinin hansı səviyyədə olmasının öyrənilməsindən ibarətdir.
Tədbirdə həmçinin Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və 12 №-li tam orta məktəbin direktoru Əli Alıyev çıxış etmiş, İslam dini barəsində iştirakçılara məlumatlar vermişlər. Çıxışlarda o da qeyd olunmuşdur ki, yeniyetmə-gənclərin doğru və sağlam mənbələrə əsaslanan dini biliklərlə təmin olunması istiqamətində yeni forma və metodlardan istifadə etməklə maarifləndirici tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Bu baxımdan məktəblilərin iştirakı ilə inşa yazı müsabiqəsinin təşkili təqdirəlayiqdir.
Çıxışlardan sonra inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin qalibləri və fərqlənənlər Dini İşlər üzrə Komissiyanın 2017-ci il yekun tədbirində mükafatlandırılacaqdır.