Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Ağ ölümün qara fəsadları!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

01 dekabr 2017 | 16:00
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının 2017-ci ilin iş planına uyğun olaraq Rayon Gənclər və İdman İdarəsi ilə birgə dekabr ayının 1-də 214 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Ağ ölümün qara fəsadları!” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq narkomaniya və onun ağır fəsadları haqqında geniş məlumat verib. B.Hüseynov qeyd edib ki, çox təəssüflər olsun ki, narkomanlıq gündən-günə cavanlaşır. Bu zərərli bəlaya düçar olanlar arasında gənclərin sayı artmaqdadır, ən acınacaqlısı odur ki, onların arasında qızlar da vardır. Bütün bunlar yerlərdə yeniyetmə-gənclər arasında təbliğati və maarifləndirici tədbirlərin aparılmasının intensivliyinin daha da artırılmasını zəruri edir.
Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev tədbirdə çıxış edərək bildirib ki, zərərli vərdişlərə aludəçilik sonda insan şəxsiyyətinin həm mənəvi, həm də fiziki məhvinə gətirib çıxarır. Hər bir gənc əsl vətəndaş və cəmiyyətə gərəkli  şəxsiyyət kimi formalaşması üçün yalnız sağlam həyat tərzini seçməlidir. E.Mirzəyev həmçinin tədbir iştirakçılarının nəzərinə onu da çatdırıb ki, bu gün 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. 1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan etmişdir. QİÇS də insan sağlamlığının məhvinə yönələn son illərin ən qorxulu xəstəliklərindən biri sayılır və onunla mübarizə öz aktuallığı ilə seçilir. Azərbaycanda da bu problem Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrinin istifadəçiləri arasında yayılıb. İstər narkomanlığa, istərsə də QİÇS-ə qarşı mübarizədə yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır.
Tədbirdə həmçinin Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Mustafazadə və 214 №-li tam orta məktəbin direktor müavini Arzu Alışqızı da çıxış ediblər.
Tədbirin sonunda “Ağ ölüm”ün və QİÇS-in ağır fəsadlarından bəhs edən video-slayd göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər