Nizami rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
02 dekabr 2017 | 16:00
02 dekabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə “Yaşıl bağ” istirahət mərkəzində tədbir keçirib.
Tədbiri açan Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Gününün ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edildiyini diqqətə çatdırıb. Əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı olduğunu söyləyən natiq, əlillərin hüquqlarının qorunmasının ən ümdə məsələlərdən biri olduğunu qeyd edib və ölkəmizdə əlillərə dövlət qayğısının ildən-ilə artdığını, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasında və bacarıqlarının üzə çıxarılmasında önəmli addımların atıldığını, əlil uşaqların təhsil almaları üçün xüsusi təhsil müəssisələri və internat məktəblərinin yaradıldığını, onların əməklə məşğul olmaları üçün xüsusi iş yerlərinin açıldığını bildirib.
Eyni zamanda, G.İsrafilova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və sərəncamlarına əsasən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını, bu insanların sosial təminatının ildən-ilə daha da yaxşılaşdırıldığını, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçdiklərini söyləyib.
Tədbirdə çıxış edən I qrup əlil anası Umaysad Mütəlibova, I qrup Qarabağ əlili Yarış Məmmədov və II qrup əlil Zivər İsmayılova əlillərə göstərilən diqqətə və qayğıya görə, ölkə başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda əlillərə ərzaq yardımı paylanılıb.
Qeyd edək ki, Nizami rayonunda 6930 əlil qeydiyyatdadır, onlardan 121-i 18 yaşınadək olan uşaqlardır və onlara Rayon İcra Hakimiyyəti tərəfindən digər təşkilatlarla birgə daim diqqət və qayğı göstərilir.