Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inşa edilmiş “8 KM” stadionun açılış mərasimində iştirak etmişlər.
14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 18 ünvanında yeni inşa edilmiş “8 KM” stadionun açılış mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısı futbol meydançasında və stadionunun otaqlarında yaradılan şəraitlə tanış oldu.
Stadionla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verən AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirdi ki, burada tikinti işlərinə 2010-cu ilin mayında başlanmışdır. Ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilmişdir.
11 min tamaşaçı yeri olan stadion ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda futbol üzrə 17 yaşlı qızlar arasında Dünya çempionatının oyunları keçiriləcəkdir və artıq bu, FİFA tərəfindən də təsdiq edilmişdir. Dünya birinciliyi başa çatdıqdan sonra isə burada Azərbaycan Premyer Liqasının oyunları keçiriləcəkdir. Futbol meydançasına FİFA standartlarına uyğun xaricdən gətirilən təbii ot örtüyü salınmış və xüsusi isitmə sistemi quraşdırılmışdır. Meydançanın işıqlandırılması üçün dörd projektor və ümumi müasir işıqlandırma sistemi yaradılmışdır.
Dövlət başçısı və xanımı stadionun otaqlarında yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, tribunada ailə baxış otağı və 17 skayboks VİP otaqlar da inşa edilmişdir. Böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilən 200 nəfərlik xüsusi oturacaqlar quraşdırılmışdır.
Tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə otağı, FİFA-nın media mütəxəssisləri üçün otaqlar və konfrans zalları, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, dopinq-nəzarət və digər otaqlar yaradılmışdır. Burada, eyni zamanda, mərkəzi idarəetmə, təhlükəsizliyə nəzarət-müşahidə və şərhçi otaqları inşa edilmişdir. Stadionun 300 avtomobil tutan dayanacağı vardır.
Açılış mərasimində Prezident İlham Əliyevə 2012-ci ildə Polşada və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatının rəsmi topu hədiyyə edildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 17 yaşlı qızlar arasında dünya çempionatında ölkəmizi təmsil edəcək qızlardan ibarət milli komandanın topuna uğur imzası atdılar.
Prezident İlham Əliyev stadionda yaradılmış şəraiti yüksək qiymətləndirdi.