Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib

04 dekabr 2017 | 16:00
2017-ci il 04 dekabr tarixində Nizami Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 145 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq qeyd edib ki, milli-mənəvi dəyərlər əsrlərdən bəri formalaşan və özlüyündə hər bir xalqın spesifik xüsusiyyətlərini əks etdirən xarakterik simvollardır. Bu dəyərlərə hörmət xalqımızın keçmişinə, bu gününə və eyni zamanda gələcəyinə hörmət deməkdir. İslam dinində milli-mənəvi dəyərlərə hörmət hər zaman yüksəkdə dayanıb. Bu, ilk növbədə tərbiyənin ayrılmaz hissəsi olub.
B.Hüseynov çıxışında, həmçinin yeniyetmə-gənclərə milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə almalarının vacibliyini bildirib, bu istiqamətdə həyata keçirilməsi zəruri olan işlərlə bağlı bir sıra tövsiyələrini verib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Niriyeva və Amal Məlikov, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin əməkdaşı Qənirə Sultanova və məktəbin direktor əvəzi Elçin Abdullayev çıxış edərək bildiriblər ki, milli-mənəvi dəyərlərə hörmət vətənpərvərlik tərbiyəsinin tərkib hissəsidir. Bununla bağlı aparılan işlərin, həyata keçirilən tədbirlərin böyük əhəmiyyəti vardır. Tədris müəssisələrində dini maarifləndirmə tədbirlərinin davamlı olaraq aparılması radikalizm və ekstremizm kimi neqativ fenomenlərə qarşı mübarizədə mühüm rol oynayır.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Keçidlər