Nizami rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün tədbir keçirilib
04 dekabr 2017 | 16:00
04 dekabr 2017-ci il tarixində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Zəhmət-Ruzi” MMC-nin birgə təşkilatçılığı ilə Nizami rayonu ərazisində yerləşən əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 №-li xüsusi məktəbdə tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə iş şöbəsinin müdir müavini Nigar İsmayılzadə, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Aytac Rzayeva, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva, “Zəhmət-Ruzi” MMC-nin nümayəndələri Rövşən Vəliyev, Elmir Qaracayev və Rüfət Babayev iştirak edib.
İlk öncə əqli və fiziki cəhətdən qüsurlu uşaqların əl işlərinə baxış keçirilib, daha sonra məktəbin direktoru Nüşabə Heydərova qonaqları uşaqların kulinariya, dülgərlik və rəssamlıq sahələrindəki əl qabiliyyəti və bacarıqları ilə tanış edib.
Daim qayğıya, şəfqətə və humanist münasibətə ehtiyac duyan əqli və fiziki cəhətdən qüsurlu uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılmasının hər bir dövlətin başlıca sosial məsuliyyətlərindən biri olduğunu qeyd edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ölkəmizdə əlillər və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi istiqamətində dövlət siyasətinin müəyyənləşdiyini, qüsur doğuran səbəblərin aradan qaldırılmasına, uşaqların reabilitasiyasına və ictimai həyatın bütün sahələrində iştirak etmələri üçün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq dolğun həyat sürmələrinə kömək göstərən lazımı şəraitin yaradıldığını diqqətə çatdırıb.
“Zəhmət-Ruzi” MMC-nin nümayəndəsi Rövşən Vəliyev tədbir iştirakçılarına məlumat verərək bildirib ki, yerli və beynəlxalq standartlara cavab verən şirkət “SAB” ticarət nişanı ilə məhsullar istehsal edir və burada müxtəlif sahələr üzrə 150-yə yaxın yüksək ixtisaslı mütəxəssis fəaliyyət göstərir. Şirkət ən müasir avadanlıqlarla təchiz edilib, özünün laboratoriyası, istehsal sexləri, anbarı vardır. Daha sonra, natiq təşkilatçılara belə xeyriyyə kampaniyasına qoşulmağa şərait yaradıldığı üçün təşəkkürünü bildirib, əqli və fiziki cəhətdən qüsurlu uşaqlara şirkətin məhsullarından ibarət hədiyyə bağlamalarını təqdim edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə iş şöbəsinin müdir müavini Nigar İsmayılzadə respublika ərazisində işə götürənlərlə əməkdaşlıq layihələri barədə məlumat verib, gələcəkdə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətini genişləndirmək məqsədilə belə məktəblərdə oxuyan və müxtəlif peşələrə yiyələnmək istəyən şagirdlər üçün də şərait yaradıldığını diqqətə çatdırıb.
Tədbirdə uşaqlar musiqili-əyləncəli kompozisiya ilə çıxış edərək qonaqlarda xoş əhvali-ruhiyyə yaradıblar. Daha sonra Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istedadlı tələbələrinin ifasında mahnılar səsləndirilib.
Tədbir Nizami Rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş musiqili konsert proqramı ilə davam etdirilib.