Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Bağı – Park Bulvarın yenidənqurmadan sonra açılış mərasimində iştirak etmişlər.

15 sentyabr 2012 | 15:00

14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva B.Nuriyev küçəsində yerləşən Heydər Bağı – Park Bulvarın yenidənqurmadan sonra açılış mərasimində iştirak etmişlər.
Məlumat verildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 1998-ci ildə salınan bu parkda aparılan yenidənqurma işləri ən yüksək səviyyədə həyata keçirilmişdir. Əhalinin sıx yaşadığı bu ərazidə sakinlərin istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır. Ərazisi 56 min kvadratmetr, uzunluğu 800, eni 70 metr olan parkda musiqili fəvvarə kompleksi quraşdırılmışdır. Burada inşa olunan terrasın sahəsi min kvadratmetrdən çoxdur. Park bulvarda yaradılan açıq kafelər yay vaxtı sakinlərin istirahətini daha maraqlı təşkil etməyə imkan verir. Parkda şirniyyat mağazası, fotostudiya, yay kafesi və digər iaşə obyektləri də istifadəyə verilmişdir.
Diqqətə çatdırldı ki, 120 avtomobil üçün yeraltı dayanacağın da olduğu parkda geniş yaşıllaşdırma işləri görülmüş, avtomatik suvarma sistemi quraşdırılmış, işıqlandırma sistemi yenilənmişdir. Parkın ərazisində inşa olunan üçmərtəbəli və dördmərtəbəli binalarda rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərir. Binalarda kafe və restoranlar da vardır.
Park bulvarda inşa edilən “Akvarium” əyləncə mərkəzi bütün yaş qruplarından olan insanların istirahətinin maraqlı təşkilinə şərait yaradır. Üç min kvadratmetrlik əyləncə mərkəzində altızolaqlı boulinq zalı yaradılmış, 39 müxtəlif və müasir oyun aparatları qoyulmuş, bilyard zalı istifadəyə verilmişdir. Park bulvarda balacalar da diqqətdən kənarda qalmamışdır. Onlar üçün ayrıca kafe, 8 yaşına qədər uşaqlar üçün labirint əyləncə sahəsi, oyuncaq və zoomağazalar açılmışdır. Müxtəlif attraksionlar və sürüşkənlər balacaların istirahətinin maraqlı və yaddaqalan olmasına imkan verir. Mərkəzdə ən müasir tələblərə cavab verən elektron tir də yaradılmışdır.
Əyləncə mərkəzində 3D və 7D kinoteatrları da fəaliyyət göstərir. Bu kinoteatrlarda ən müasir video və akustika sistemləri quraşdırılmışdır.
Prezident İlham Əliyev park bulvarda görülmüş işlərdən razılığını bildirdi.

Keçidlər