Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inşa olunmuş 328 nömrəli orta məktəbin açılışı mərasimində iştirak etmişlər

15 sentyabr 2012 | 15:00

14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Keşlə qəsəbəsi, Babək prospekti 2269-cu məhəllədə yeni inşa olunmuş 328 nömrəli orta məktəbin açılışı mərasimində iştirak etmişlər.
Məktəbin foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
640 şagird yerlik yeni məktəbdə 32 sinif otağı, biologiya, fizika, kimya fənlərinin əyani vasitələrlə öyrənilməsi məqsədilə laboratoriyalar, üç kompyuter otağı, əmək otaqları, rəsm otağı, idman və akt zalları, yeni innovasiya metodları ilə işləyən kabinetlər, tibb məntəqəsi müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığı məktəbdə dərs proseslərinin interaktiv metodlarla idarə edilməsinə xüsusi diqqət yetiriləcəkdir.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni dərs ilində kollektivə uğurlar arzuladı.
Prezident cənab İlham Əliyevin iştirakı ilə həmin gün məktəbin qarşısındakı ərazidə 100 yerlik uşaq bağçası binasının təməli qoyulmuşdu.
Dövlət başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxdı.
Diqqətə çatdırıldı ki, bağça binasının ümumi sahəsi 1200 kvadratmetr olacaqdır. İki mərtəbədən ibarət binada 20-dən çox otaq, o cümlədən kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, həkim, musiqi otaqları və digər kabinetlər yaradılacaqdır. Bağçada qış və yay oyun zalları fəaliyyət göstərəcəkdir. Ətrafda geniş yaşıllıq zolağı salınacaq, müxtəlif attraksionlar quraşdırılacaqdır.
Dövlət başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.
 

Keçidlər