Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Zakir Cəfərova həsr olunmuş “Şəhid muğamı” adlı tədbir keçirilib

23 fevral 2018 | 16:00
23 fevral 2018-ci il tarixində 201 saylı tam orta məktəbdə 2017-ci il fevral ayının 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zakir Cəfərova həsr olunmuş “Şəhid muğamı” adlı tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimai birliklərin nümayəndələri, orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 201 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanan “Şəhid muğamı” adlı bədii kompozisiya təqdim olunub, vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndirilib, eyni zamanda şəhid Zakir Cəfərova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev,  201 saylı tam orta məktəbin direktoru Süsən Salmanova və təqaüdçü-müəllimi, şəhid anası Simuzər Əhmədova ərazi bütövlüyümüz uğrunda canından keçən Azərbaycan övladlarının qanının yerdə qalmayacağını və torpaqlarımızın tezliklə işğaldan azad olunacağını vurğulayıblar. Şəhidliyin ən uca bir zirvə olduğunu söyləyən natiqlər onların unudulmayacağını və hər zaman qürur hissi ilə xatırlanacağını bildiriblər.
Şəhid əsgər Zakir Cəfərovun anası Kəmalə Abdullayeva çıxışında oğlu ilə fəxr etdiyini, şəhidlərimizin xatirəsinə göstərilən ehtirama, ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və belə bir tədbirin təşkilinə görə 201 saylı tam orta məktəbin kollektivinə təşəkkürünü bildirib.

Keçidlər