Nizami rayonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı rayonda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib
24 fevral 2018 | 16:00
24 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Nizami rayonunda məskunlaşan Xocalı sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini qeyd edib.
“Xocalı soyqırımı – əsrin faciəsidir” mövzusunda məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov ayrı-ayrı dövrlərdə xalqımızın və müqəddəs torpaqlarımızın taleyinin müxtəlif səbəblərdən bir sıra ölkələrin təcavüzünə məruz qaldığını, millətimizin başına böyük bəlaların gətirildiyini, XX əsrin əvvəlləri və sonunda da Azərbaycan tarixinin ən faciəli anlarını yaşadığını, 1905, 1918-1920, 1948-1953 və 1988-ci illərdə azərbaycanlıların planlı şəkildə tarixi Azərbaycan torpaqlarından vəhşicəsinə qovularaq milyonlarla həmvətənlərimizin məcburi köçkün vəziyyətinə salındığını diqqətə çatdırıb. XX əsrin ən faciəli hadisələrindən birinin Dağlıq Qarabağda 7 min nəfər azərbaycanlının yaşadığı Xocalı şəhərində 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən sovet qoşunlarının köməyilə törədildiyini bildirib. Xocalıda erməni vəhşilikləri nəticəsində 613 nəfərin amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin şikəst edildiyini, əsir alınmış 1275 nəfər qoca, uşaq və qadınların ağıla sığmayan fəlakətlərə düçar edildiyini, təhqirlərə məruz qaldığını nəzərə çatdırıb. Azərbaycan dövləti və xalqının erməni qaniçənlərinin törətdiyi bu müsibətləri heç vaxt unutmayacağını söyləyən M.İbrahimov, ümummilli lider Heydər Əliyevin bu barədə xüsusi fərman imzaladığını və Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan edildiyini nəzərə çatdırıb. M.İbrahimov Azərbaycan xalqının ermənilərin torpaqlarımızdan bir parça qoparmaq arzusunu ürəyində qoyacağını, Azərbaycanın qədim torpağı olan Qarabağda şəhid olan insanların əziz xatirəsi və rahat uyumaları naminə Xankəndində, Xocalıda, Şuşada tezliklə əbədi məşəl ucaldılmasına nail olacağını vurğulayıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və Xocalı Rayon İcra Hakimiyyətinin Nizami rayonu üzrə nümayəndəsi Surxay Quliyev Xocalıda baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu bildiriblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Xocalı soyqırımı hadisəsinin bütün dünyada tanınması istiqamətində genişmiqyaslı işlər görüldüyünü, Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında kitablar, filmlər və stendlərin dünyanın hər yerində nümayiş etdirildiyini nəzərə çatdırıblar.