Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva 70 nömrəli məktəb-liseylə və 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşlar
14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva 70 nömrəli məktəb-liseylə və 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşlar.
Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya bildirildi ki, 70 nömrəli məktəb-lisey 1967-ci ildən, 242 nömrəli orta məktəb isə 1968-ci ildən fəaliyyət göstərir.
Hər iki təhsil ocağında indiyədək əsaslı təmir aparılmamış və məktəblərdə yenidənqurma işləri Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun həyata keçirilmişdir.
70 nömrəli məktəb-liseyin bütün sinif otaqları və fənn kabinetləri ən yüksək standartlar səviyyəsində təmir olunmuşdur. Təhsil ocağı müasir avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz edilmişdir. Şagird sıxlığının və çoxnövbəli tədrisin aradan qaldırılması məqsədilə 42 sinif otağından ibarət 840 şagird yerlik əlavə korpus inşa edilmişdir. Yeni tədris ilindən məktəb-liseydə dərslər bir növbədə keçiriləcəkdir.
70 nömrəli məktəb-liseyin istilik və işıqlandırma sistemləri tamamilə yenidən qurulmuş, daimi isti və soyuq su ilə təchiz edilmişdir.
242 nömrəli orta məktəbin də sinif otaqları müasir standartlara uyğun şəkildə təmir edilmişdir. İnventarlar yeniləri ilə əvəz olunmuş, fənn kabinetləri lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz edilmişdir. Məktəbin istilik sistemi müasir qaydada yenidən qurulmuş, fasiləsiz isti və soyuq su ilə təmin olunmuşdur. Əsaslı təmir zamanı işıqlandırma sistemi də müasirləşdirilmişdir. İdman və akt zallarında, yeməkxanada, tibb məntəqəsində də ən müasir şərait yaradılmışdır.
Məktəblərin hər ikisinin ərazisində abadlıq-quruculuq işləri həyata keçirilmiş, ümumilikdə 2500 kv.m sahəyə asfalt salınmışdır.
Əsaslı təmir və yenidənqurma işlərindən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.