Nizami rayonunda Yel çərşənbəsi qeyd edilib
Xalqımızın ən qədim və milli bayramı olan, mənəvi dəyərləri və adət-ənənələri özündə yaşadan Novruz bayramı ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir.
13 mart 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Keşlə qəsəbəsində və B.Nuriyev küçəsi 69 ünvanında Novruz çərşənbələrindən üçüncüsü - Yel çərşənbəsi münasibətilə bayram şənlikləri təşkil edilib.
Bayram şənliklərində Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə, təhsil və səhiyyə ocaqlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şənliklərdə ənənəyə uyğun olaraq bayram simvolu olan tonqallar yandırılıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova sakinləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, səadət, firavanlıq, bol ruzi-bərəkət arzulayaraq uğurlar diləyib.
Şənliklərdə Novruz bayramını tərənnüm edən sərgilər təşkil edilib, baharın gəlişini əks etdirən əl işləri, bayram xonçaları, səmənilər, müxtəlif bayram şirniyyatları təqdim olunub, folklor nümunələri nümayiş etdirilib, bahara həsr olunmuş şeirlər söylənilib.
Bayram şənlikləri 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs dərnəyi üzvlərinin rəngarəng rəqsləri və Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.