Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Aprel döyüşlərinin ikinci ildönümü münasibətilə tədbir keçirilib

03 aprel 2018 | 16:00
3 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Vətən mənə oğul desə…” adlı tədbir keçirilib.
Silahlı Qüvvələrin 100 illiyi və 2016-cı il aprel döyüşlərinin ikinci ildönümü münasibətilə təşkil edilmiş mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş igid Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və aprel döyüşlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.  
Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qabil Həsənov tədbirdə iştirak edən Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranlarını salamlayıb, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə peşə təhsilinin müasir tələblər səviyyəsində qurulmasına göstərdikləri diqqət və qayğıdan danışıb.
General-leytenant Yaşar Aydəmirovun “Aprel döyüşləri qələbəyə aparan yolun başlanğıcıdır” və Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlətimizin siyasətində” mövzularında mühazirələri dinlənilib.
Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü düşmənə bir daha sübut etdi. Döyüşlər 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmasından dərhal sonra 257 km uzunluğunda olan təmas xətti boyu başlanıb. Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı qüvvələrinə qarşı cavab tədbirləri həyata keçirilib. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində yollar düşməndən azad olunub. 320 erməni hərbçisi ölüb, 500-ü yaralanıb, 30 tank və zirehli maşın, 25 artilleriya qurğusu məhv edilib. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüş olub.
Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda dövlətimizin apardığı genişmiqyaslı hərbi-siyasi fəaliyyət faktlarla diqqətə çatdırılıb, gənclərin hərb tariximizdən, aprel döyüşlərindən ciddi dərs almasının vacibliyi vurğulanıb.
Nizami Rayon Veteranlar Şurasının sədri Yəhya Ağayev, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov hərbi vətənpərvərlik ruhunda tədbirlərin əhəmiyyətini qeyd edərək, bütün uğurların başlanğıcında elm, bilik və maarifçiliyin durduğunu bildiriblər, belə tədbirlərin davamlı olmasını arzu ediblər.
H.Abdulla təşkilatçı qurumlar tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin, azərbaycanlıların soyqırımının və Silahlı Qüvvələrimizin 100 illiyinə həsr olunmuş birgə maarifçilik tədbirlərinin il boyu bütün regionlarda keçiriləcəyini bildirib.
Tədbirdə mərkəzin şagirdlərinin ifasında vətənə, torpağa, şəhidlərə həsr olunmuş şeirlər ifa edilib.
Sonda dinləyicilərin sualları cavablandırıldıqdan sonra qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Keçidlər