20 Yanvar faciəsi
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar 2013-cü il 18 yanvar tarixində “Komfort” istirahət mərkəzində əlil və şəhid ailələrinə ehsan süfrəsi açılmış, 19 yanvar tarixində isə 129 saylı orta məktəbdə “Ölməmişik hələ varıq – Şəhid adlı canlılarıq” mövzusunda ümumrayon tədbiri keçirilmişdir.
“Komfort” istirahət mərkəzində keçirilmiş tədbirdə Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.
İştirakçılar 20 Yanvar gününün xalqımızın yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olunduğunu vurğulayaraq həmin dəhşətli gecədə həlak olan Vətən oğullarının Azərbaycan tarixinə parlaq səhifə yazdıqlarını diqqətə çatdırmışlar.
129 saylı məktəbdə anım mərasimi şagirdlərin hazırladıqları “Ölməmişik hələ varıq – Şəhid adlı canlılarıq” mövzusundakı ədəbi-bədii kompozisiya ilə davam etdirildi. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlərlə çıxış etdilər. Sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunlarının insanlığa qarşı törətdiyi vəhşilik, milli azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə xüsusi qəddarlıqla tutulmuş amansız divan, yüzlərlə günahsız insanın qətliamı iştirakçılara videoçarx vasitəsilə nümayiş etdirildi.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış edərək bildirdilər ki, həm kədər, həm də milli qürur günü olan həmin faciədən 23 il keçməsinə baxmayaraq xalqımız öz qəhrəman övladlarının fədakarlığını unutmur və Şəhidlər Xiyabanına kütləvi ziyarətlər edərək onların xatirəsini dərin ehtiramla yad edirlər.