Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev məktəbinin növbəti kursunun açılış tədbiri

01 fevral 2013 | 16:00

30 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında Heydər Əliyev məktəbinin növbəti kursunun açılış tədbiri keçirilmişdir.
Tədbirdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov iştirak etmişdir.
Tədbiri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva açaraq gəncləri qarşıdan gələn 2 fevral Gənclər Günü münasibətilə təbrik etdi. O, Gənclər gününün ölkədə 1996-cı ildən ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə qeyd edildiyini vurğulayaraq bildirdi ki, bu, ulu öndər tərəfindən gəncliyə verilən diqqətin bariz nümunəsidir. Bu gün də həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir, gənclərlə bağlı qəbul olunan Dövlət proqramları gənclər siyasətinin daha da inkişaf etdirilməsinə, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, dünyanın ən qabaqcıl universitetlərində ali təhsil almaq imkanlarına, suveren dövlətin azad vətəndaşları kimi yaşayıb-işləmələrinə şərait yaradır.
Sədaqət Vəliyeva Heydər Əliyev məktəbində əldə ediləcək təcrübənin gənc nəslin intellektual inkişafında böyük rol oynayacağını qeyd edərək ötən il 50 nəfərin bu məktəbi bitirdiyini, 2013-cü ildə isə 110 gəncin müdavim olacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Heydər Əliyev məktəbinin yeni dinləyicilərinə uğurlar arzuladı. O, məmnunluq hissi ilə qeyd etdi ki, YAP-ın sıralarında çoxlu sayda yüksək ictimai-siyasi fəallığı ilə fərqlənən gənclər cəmləşib.
Ə.Əhmədov ölkə başçısının yürütdüyü gənclər siyasəti ilə bağlı ətraflı məlumat verərək, 2013-cü ilin oktyabr ayında keçiriləcək növbəti Prezident seçkilərində gənclərin öz yüksək vətəndaşlıq mövqelərini ifadə edəcəklərinə əminliyini bildirdi.
YAP Siyasi Şurasının üzvü, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycanda ləyaqətli, yüksək vətənpərvərliyi ilə seçilən, geniş biliklərə və dünyagörüşünə malik olan gənclərin formalaşdığını, onların müasir Azərbaycanın inkişaf və tərəqqisinə böyük töhfələr vermək iqtidarında olduqlarını qeyd etdi.
Əldə edilmiş nailiyyətlərdən söz açan T.Budaqov 2012-ci ildə ulu öndərin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilmiş Gül bayramında Nizami rayonunun ardıcıl olaraq üçüncü dəfə birinciliyi əldə etməsində, “Şahin” hərbi-idman oyunu üzrə rayon komandasının şəhər və respublika mərhələsində birinci yerə layiq görülməsində rayon gənclərinin xüsusi rolunu qeyd edərək, Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərdə də onların yüksək fəallıqla iştirak edəcəklərinə inamını ifadə etdi.
Tədbirin sonunda Heydər Əliyev məktəbinin ötən ilki məzunlarının bir qrupuna sertifikatlar, YAP üzvlüyünə qəbul olunmuş gənclərə isə partiya vəsiqələri təqdim edildi.
 

Keçidlər