Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşun 25 illiyi” adlı tədbir keçirilib
07 iyun 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə 229 №-li tam orta məktəbdə “Qurtuluşun 25 illiyi” adlı tədbir keçirilib.
Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eldəniz Zeynalov, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan 229 №-li tam orta məktəbin direktoru Fəridə Bağırova 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu və dövlətimizin yox olmaq təhlükəsindən xilas edildiyini bildirib.
Daha sonra, çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 1993-cü il iyunun 15-dən artıq 25 il keçdiyini xatırladaraq bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb. Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu qeyd edən Sədaqət Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyləri nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə nail olub. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider olub.
Bədii hissə ilə davam edən tədbirin sonunda YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə diplom və fəxri fərmanlar təqdim edilib.