Şriftin ölçüsü :

Saytın rəngi :

13-25 fevral tarixlərində rayonda Xocalı soyqırımının iyirmi birinci ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur

27 fevral 2013 | 16:00

13-25 fevral tarixlərində rayonda Xocalı soyqırımının iyirmi birinci ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur. Belə ki, rayonun idarə, müəssisə və təşkilatlarında tədbirlər keçirilmiş, bütün təhsil ocaqlarında foto-stend və rəsm sərgiləri, inşa yazı müsabiqələri, dəyirmi masalar, ədəbi-bədii gecələr və faciənin şahidləri ilə görüşlər təşkil edilmiş, müəllim və şagird kollektivləri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Rayonun Mərkəzi Kitabxanasında və onun filiallarında soyqırım faciəsinə həsr olunmuş kitab sərgiləri, foto-stendlər təşkil edilmiş, Nizami Mədəniyyət Mərkəzində “Xocalısız 21 il” adlı tədbir və Rayon Gənclər və İdman İdarəsi tərəfindən rəsm müsabiqəsi keçirilmişdir.
23 fevral tarixində 220 nömrəli məktəbdə “Salam, Xocalı dərdim” adlı ümumrayon tədbiri keçirilmiş, tədbirdə məktəblilər tərəfindən ədəbi-bədii kompozisiya və Bakı Uşaq Teatrı aktyorlarının ifasında “Vətən” adlı pantomim tamaşa nümayiş etdirilmişdir. Tədbirdə həmçinin yazıçı-publisist Səriyyə Müslümqızının ermənilərin Xocalıda törətdikləri hərbi cinayətdən bəhs edən, 3 dildə çapdan çıxmış “Xocalı uşaqları, qan içində qar çiçəyi” kitabının tanıtımı olmuşdur.
Elə həmin gün Xəzər Universitetində “Azərbaycan – Latın Amerika Gənclərinin Dostluğu” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilmiş, tədbirdə Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən hazırlanmış film nümayiş etdirilmişdir.
Soyqırım hadisəsinin iyirmi birinci ildönümü münasibətilə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda, “Kaspi-Yıldız” müştərək müəssisəsində, Bakı Texniki Kollecində, “Azərsutikinti” xəstəxanasında, Nizami və Keşlə bələdiyyələrində də müxtəlif tədbirlər həyata keçirilmişdir.
25 fevral tarixində bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, “Xudafərin” istirahət mərkəzində rayonda məskunlaşmış 29 Xocalıdan olan məcburi köçkün ailəsinin iştirakı ilə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.
26 fevral tarixində Xocalı soyqırımının iyirmi birinci ildönümü ilə əlaqədar keçirilən ümumşəhər tədbirində 1500 nəfər rayon sakini iştirak etmiş, saat 17.00-da rayon ərazisində Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər