Nizami rayonunda növbəti səyyar qəbul keçirilib
Nizami rayonunda əhalinin problemlərinin həlli məqsədilə İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən mütəmadi olaraq səyyar qəbul-görüşlər keçirilir.
Növbəti səyyar qəbul-görüş 04 iyul 2018-ci il tarixində Nəsimi küçəsi, 20, 22 və Kamil Balakişiyev küçəsi 49/18 ünvanlarında yaşayan sakinlərlə keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən danışıb. A.Qasımov yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını söyləyib.
Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Ş.Vəliyev, N.Nəzərbəyova, M.Süleymanova, M.Hüseynov, S.Bağırova, Z.Xəlilova binanın dam örtüyünün təmir olunması, məhəllədə uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, ağacların budanması, liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması, zibil konteynerlərinin yerlərinin dəyişdirilməsi və ya hasara alınması kimi məsələləri diqqətə çatdırıblar. Eyni zamanda, E.Süleymanov küçəsi 133 və 135 saylı ünvanlarda yaşayan sakinlər su probleminin həllinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.
Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.