Nizami rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
13 iyul 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonun 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə və müəssisə, təhsil və səhiyyə ocaqlarının, hüquq-mühafizə orqanlarının, ictimai birliklərin rəhbərləri iştirak ediblər.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyul ayının 8-də keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının cari ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, ölkəmizin öz dinamik inkişaf templərini saxlaya bildiyini və bu il Azərbaycanın həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini, sonrakı illərdə də Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etməsinin təminatı üçün islahatların daha da dərinləşməsinin vacibliyini vurğuladığını diqqətə çatdırıb. A.Qasımov eyni zamanda, 49 il öncə 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsası qoyulduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin gələcək müstəqil dövlətin köklü, fundamental əsaslarını hakimiyyətinin ilk dövrlərində yarada bildiyini söyləyən A.Qasımov, 49 il bundan əvvəl başlanan yolun bundan sonra da Azərbaycan üçün aparıcı yol olacağını və bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2018-ci ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.
İ.Mehdiyev hesabat dövründə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 243,1 milyon manat dəyərində, yəni ötən ilə nisbətən 1,3 faiz çox sənaye məhsulu istehsal edildiyini, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 106,2 milyon manat, yəni ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çox olduğunu, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 6,1 milyon manat həcmində investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 1020,3 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 175,0 milyon manat olduğunu, rabitə sahəsində 187,6 milyon manat, yəni ötən ilin müvafiq dövrünə nisbətən 4,6 faiz çox, nəqliyyat sahəsində isə 49,4 milyon manat dəyərində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Həmçinin cari ilin yanvar-iyun aylarında rayonda 1721 yeni iş yeri açıldığını, orta aylıq əmək haqqının 684,8 manat, yəni ötən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çox təşkil etdiyini söyləyib.
İ.Mehdiyev hesabat dövründə Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 2350 nəfər qeydiyyata götürüldüyünü, mərkəzə müraciət edənlərdən 828 nəfərin münasib işlə təmin edildiyini də nəzərə çatdırıb.
Bunlardan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə fevral ayının 12-dən may ayının 12-dək ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124447 nəfərdən 93594 nəfərin pulsuz tibbi müayinədən keçdiyini, onlardan 3427 nəfərin ambulator, 214 nəfərin isə stasionar müalicəyə göndərildiyini qeyd edib.
İ.Mehdiyev ictimai-siyasi və humanitar, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər, eyni zamanda 2018-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra işlər barədə məlumat verib.
Daha sonra, 16 №-li İstilik Sistemləri İstismar sahəsinin rəisi Mustafa Əhmədov və Sukanal idarəsinin sədri İntiqam Kərimov cari ilin birinci yarısında görülən işlər barədə hesabatla məruzə ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva cənab İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutduğunu, demək olar ki, bütün ölkələrlə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bildiyini, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını söyləyib. Eyni zamanda, Nizami rayonu üzrə əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıb.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.