Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ətraf mühitin mühafizəsi ilə əlaqədar sahibkarlarla görüş keçirilib

06 avqust 2018 | 16:00

06 avqust 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində  “İctimai iaşə obyektlərində ətraf mühitin mühafizəsi vəziyyəti” mövzusunda rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbiri açan Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsinin ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutduğunu bildirib. Ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildiyini qeyd edən İ.Mehdiyev, son illər ölkəmizdə ekoloji durumun sağlamlaşdırılmasına yönələn irimiqyaslı dövlət proqramları və layihələrin həyata keçirildiyini söyləyib.

İ.Mehdiyev rayon ərazisində fəaliyyət göstərən sahibkarlardan öz fəaliyyətlərinin qanun çərçivəsində qurulması, atmosferin çirkləndirilməməsi, qanunvericilik aktlarının pozulmaması, insanların sağlamlığına zərər verən halların yaşanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov çıxışında ekoloji problemlərin həlli məqsədilə nazirlik tərəfindən intensiv tədbirlərin həyata keçirildiyini söyləyib. V.Kərimov bir çox şadlıq evləri, restoranlar və ictimai iaşə obyektlərinin fəaliyyəti nəticəsində insanların müəyyən hüquqlarının pozulduğunu, onların sağlamlığına zərər verən hallar yaşandığını qeyd edib. Belə hallardan olan obyektlər tərəfindən atmosferə atılan tüstü axınına görə nazirliyin obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıq edildiyini bildirib və yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən restoran və şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacağını diqqətə çatdırıb. Həmçinin qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyini, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə cərimələrin nəzərdə tutulduğunu qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev çıxışında sahibkarlara öz fəaliyyətlərini yenidən nəzərdən keçirərək qanunvericiliyin tələblərinə uyğunlaşdırmalı olduqlarını və bu tələbləri pozanlara qarşı çox sərt tədbirlər görüləcəyini bildirib. Eyni zamanda, ekoloji problemlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, icra hakimiyyəti strukturlarının, bələdiyyələrin də birgə fəal iştirak etməli olduğunu söyləyərək, ictimaiyyət nümayəndələrinin, vətəndaşların da dəstəyinin vacib olduğunu diqqətə çatdırıb.

Keçidlər