Nizami rayonunda “Nizami rayonu inkişaf yolunda” adlı tədbir keçirilib
24 noyabr 2018-ci il tarixində 238 nömrəli tam orta məktəbdə Nizami rayonunun yaranmasının 38-ci ildönümü münasibətilə “Nizami rayonu inkişaf yolunda” adlı tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, təhsil müəssisələrinin, ictimai birlik və təşkilatların rəhbərləri, 238 nömrəli tam orta məktəbin adını daşıdığı şəhid Namiq Həmzəyevin anası Xətayə Həmzəyevə və digər qonaqlar iştirak ediblər.
İlk öncə şagirdlər tərəfindən Nizami rayonu haqqında hazırlanmış sərgiyə baxış keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Nizami rayonunun tarixi və inkişafı, coğrafi mövqeyi, ictimai-mədəni obyektləri, tarixi abidələri, tanınmış şəxsiyyətləri, rayonda fəaliyyət göstərən müəssisələr, aparılan abadlıq-quruculuq işləri barədə məlumatlar əks olunan ədəbi-bədii proqramla davam etdirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin Nizami rayonuna səfərlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Təqdimatdan sonra çıxış edən 238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələblərinə uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinin daim diqqət mərkəzində saxlanıldığını, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirildiyini qeyd edib. İ.Talıbov belə tədbirlərdən birinin də şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, inkişafı, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilərək Nizami rayonunun yaranmasının 38-ci ildönümü münasibətilə “Nizami rayonu inkişaf yolunda” adlı ədəbi - bədii proqram hazırlanması olduğunu diqqətə çatdırıb.
Daha sonra, çıxış edən Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova belə bir tədbirin təşkilindən razılıq ifadə edərək, 238 nömrəli məktəbin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Yarandığı gündən indiyə kimi rayonda aparılan irimiqyaslı və məqsədyönlü tədbirlər sayəsində rayonun inkişaf edərək müasir tələblərə cavab verən bir məkana çevrildiyini qeyd edən natiqlər, rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinin, ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini söyləyiblər.
Tədbirdə həmçinin, Nizami rayonu yaranandan uzun müddət rayonda müxtəlif vəzifələrdə işləmiş Razim Rəsulov və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək, rayonun inkişafından, buradakı fəaliyyətlərindən söz açıblar.
238 nömrəli tam orta məktəbin adını daşıdığı şəhid Namiq Həmzəyevin anası Xətayə Həmzəyeva belə bir tədbirin hazırlanmasında əməyi və zəhməti olan hər bir şəxsə öz minnətdarlığını bildirib.
Fotolar: /gallery/30.html