Nizami rayonunda 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
04 dekabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.
Müşavirədə Baki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Baki Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun təlim-tərbiyə müəssisələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə payız-qış mövsümünə hazırlığın daim diqqət mərkəzində saxlanıldığını qeyd edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. A.Qasımov payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon üzrə Tədbirlər Planı təsdiq edildiyini bildirərək, xidmət sahələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirdiyi monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində görüləcək işlərin də Tədbirlər Planında nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə məlumat verən Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov rayonda çoxmənzilli yaşayış binalarının giriş qapıları, blokların və dam örtüklərinin təmiri, ümumi istifadə yerlərinin, blok pəncərələrinin şüşələnməsi, yaşayış binalarında, məktəbəqədər və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında, sosial obyektlərdə istilik sistemlərinin saz vəziyyətə gətirilməsi məsələlərinin aidiyyəti təşkilatlar tərəfindən xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib. Eyni zamanda, rayonda aparılan abadlıq, quruculuq və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Baki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, və Baki Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlandığını, eyni zamanda mövsümlə bağlı tövsiyələrinin rayonlara paylanıldığını diqqətə çatdırıblar. Həmçinin, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlandığını da bildiriblər. Natiqlər payız-qış mövsümündə, xüsusilə qeyri-sabit hava şəraitində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmasının, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirilməsinin, yollarda yağıntı sularını axıdan drenaj sistemlərinin işlək, kommunal qurumların, digər idarə və təşkilatların sərancamında olan xüsusi texnikaların saz vəziyyətdə olmasının, kifayət qədər inventar, qum və duz tədarüklərinin görülməsinin və işçilər arasında xüsusi iş qrafikinin təsdiq olunmasının, sakinlərin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyünü, mövcud vəziyyətin təhlil edildiyini və hazırlıq işlərinin gedişatı ilə bağlı hər hansı ciddi bir problemin olmadığını qeyd edib və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyini vurğulayıb.