Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.
09 may 2013-cü il tarixində faşizm üzərində Qələbənin 68-ci ildönümü ilə əlaqədar Keşlə qəsəbəsində yerləşən 1941-1945-ci illərdə həlak olanların Xatirə memorial kompleksi ziyarət edilmiş və “Xudafərin” istirahət mərkəzində rayonun Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva iştirak etmişdir.
İlk öncə rayon ictimaiyyətinin nümayəndələri Keşlə qəsəbəsində yerləşən 1941-1945-ci illərdə həlak olanların Xatirə memorial kompleksini ziyarət etdilər.
Daha sonra tədbir “Xudafərin” istirahət mərkəzində Böyük Vətən Müharibəsi iştirakçıları üçün təşkil olunmuş ziyafətlə davam etdirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkili Sədaqət Vəliyeva, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və Böyük Vətən Müharibəsi iştirakçısı Əli Rüstəmov tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq, müharibədə iştirak edən 640 mindən çox həmvətənlərimizin yarısının döyüşlərdə igidliklə həlak olduğunu və göstərdikləri qəhrəmanlıqlara görə 130 vətəndaşımızın Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox vətəndaşımızın isə müxtəlif orden və medallarla təltif edildiklərini bildirdilər. Həmçinin şərəfli döyüş yolu keçmiş Azərbaycan oğul və qızlarının həm ön cəbhədəki şücaətlərinin, həm də arxa cəbhədəki fədakarlıqlarının heç vaxt unudulmayacağını və gənc nəslə həmişə vətənpərvərlik nümunəsi olacağını qeyd etdilər.
Natiqlər ölkəmizdə Böyük Vətən Müharibəsi veteranlarına hər zaman diqqət və qayğı göstərildiyini və bu diqqətin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək bildirdilər ki, ümummilli lider 1994-cü ildə müharibə iştirakçılarının mənəvi haqlarını özlərinə qaytarmış, ölkəmizdə Qələbə Gününün rəsmi bayram günü kimi qeyd edilməsini bərpa etmişdir. Ulu öndərimizin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və veteranların sosial problemlərinin həlli istiqamətində hər il imzaladığı sərəncamların bu qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırdılar.
Sonda natiqlər faşizm üzərindəki Qələbənin 68-ci ildönümü münasibətilə Böyük Vətən Müharibəsi veteranlarını və onların ailə üzvlərini bir daha təbrik edərək can sağlığı və uzun ömür arzuladılar.