Nizami rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə müharibə əlilləri və veteranları ilə görüş keçirilib
03 dekabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşəbbüsü ilə Beynəlxalq Əlillər Günü münasibətilə müharibə əlilləri və veteranları ilə görüş keçirilib.
Görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, ƏƏSMN yanında SMF-nin Nizami rayon şöbəsinin müdiri Məhərrəm Novruzov, Vətən Müharibəsi Veteranları Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşəliyev və başqaları vurğulayıblar ki, ümummilli liderimiz Heydər Əliyev əlil insanların diqqət və qayğı ilə əhatə olunmasını dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edərək, bu istiqamətdə mühüm tədbirlərin, sosial proqramların həyata keçirilməsinin əsasını qoyub. Ölkəmizdə dinamik iqtisadi inkişafla bərabər, güclü sosial siyasətin aparılmasını təmin edən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır.
Qeyd edilib ki, əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 1997-ci ildən bəri mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən də təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlilliyi olanlardır. İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir.
Xüsusi olaraq diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri, xoşməramlı layihələri də fiziki məhdudiyyətli insanların qayğı ilə əhatə olunmasında, onların reabilitasiyasında mühüm rol oynayır. Fondun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin qurulması, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s. bunun əyani təsdiqidir.
Tədbirin sonunda ictimai-siyasi fəallığına görə bir qrup müharibə veteranına YAP Nizami rayon təşkilatının Fəxri fərmanları verilib, eləcə də Ordumuzun yaranmasının 100 illiyi münasibətilə bir qrup şəxsə medallar təqdim edilib.
Fotolar: /gallery/31.html