Nizami rayonunda Ulu öndərin anım günü münasibətilə tədbir keçirilib
11 dekabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ulu öndərin anım günü münasibətilə “Ölməz dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, ictimai təşkilatların rəhbərləri iştirak ediblər.
Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ümummilli Liderə həsr edilmiş film nümayiş etdirilib.
Filmin nümayişindən sonra Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin bütün ömrünü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr etdiyini söyləyib. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olduğunu, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən A.Qasımov bildirib ki, Azərbaycan xalqının qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.
Sonra Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev “Ölməz dahi şəxsiyyət” mövzusunda məruzə edərək, Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratdığını söyləyib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova şərəfli və mənalı ömrünü ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin ideloji-siyasi əsaslarını yaratdığını və öz xalqını həqiqi müstəqilliyə qovuşdurmaqla ictimai şüurda əbədiyaşarlıq hüququnu qazandığını söyləyərək qeyd ediblər ki, hər bir azərbaycanlı Ümummilli Liderin bu xidmətlərini yad edir və onun ölməz xatirəsinə dərin ehtiramını bildirir.
Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan dövlətinin xilaskarı, ümummilli lider Heydər Əliyevin qəlbimizdə daim yaşadığını və yaşayacağını qeyd edərək, memarı və qurucusu Ulu Öndər olan müstəqil dövlətimiz qarşısında hər bir vətəndaşın borcunun Azərbaycanı qoruyub yaşatmaq olduğunu vurğulayıb.