Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində növbəti tədbir keçirilib
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2018-ci ilin iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə dekabr ayının 14-də 220 №-li məktəb-liseydə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlər və onların törətdiyi fəsadlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, 24-cü Polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Cövdət Məmmədov və 220 №-li məktəb-liseyin direktoru Lətifə Əzimova çıxış edərək, yeniyetmə-gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb, onlara dəyərli tövsiyələrini veriblər.
Çıxışlarda qeyd olunub ki, gənc nəslin sağlam ruhda böyümələri, zərərli vərdişlərdən birdəfəlik uzaq durmaları istiqamətində yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin böyük əhəmiyyəti var və bu sahədə işlərin intensivliyi daha da artırılmalıdır.
Tədbirin sonunda şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, habelə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarxı nümayiş olunub.