Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir
29 may 2013-cü il tarixində 220 nömrəli məktəb-liseydə Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva iştirak etmişdir.
Ədəbi-bədii gecədə məktəblilər dahi şairin əsərlərindən parçalar söyləmiş, “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” və “7 gözəl” əsərlərinin motivləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirmiş və şairin sözlərinə bəstələnmiş muğam və romanslar ifa etmişlər.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkili Sədaqət Vəliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun müdiri Fəxrəddin Veysəlli Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirdiyini və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırdığını və insan taleyi haqqında humanist düşüncələri ilə seçildiyini qeyd etdilər. Bundan əlavə böyük sənətkarın bütün həyat və zəngin ədəbi fəaliyyətinin Gəncə şəhəri ilə bağlı olduğunu bildirərək, şairin ömrü boyu burada yaşayıb yaratdığını və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etdiyini diqqətə çatdırdılar.
Həmçinin qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində parlaq səhifə açmış ölməz əsərlərinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərdiyini və mütəfəkkir şairin məşhur “Xəmsə”sinin insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğunu söylədilər.
Tədbirin sonunda məktəbin direktoru Almaz Əsgərova məktəblilərin dahi söz ustasının müxtəlif əsərlərinə çəkdikləri şəkilləri xatirə hədiyyəsi olaraq natiqlərə təqdim etmişdir.