Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

10 yanvar 2019 | 16:00

10 yanvar 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar 238 saylı orta məktəbdə  “20 Yanvar… unutmadıq” adlı tədbir keçirib.

Tədbirdən öncə 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz israfilova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, 238 saylı orta məktəbin direktoru İlqar Talıbov və başqaları bildiriblər ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.

Natiqlər 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndiriblər. Qeyd edilib ki, xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.

Diqqətə çatdırılıb ki, ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib, Milli Məclis 1994-cü ilin martında bu barədə qərar qəbul edib. Həmin hüquqi sənədlə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Bildirilib ki, ümummilli liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksi yaradılıb.

Tədbirdə 238 saylı orta məktəbin və 33 saylı musiqi məktəbi kollektivinin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Fotolar : /gallery/34.html

 

Keçidlər