Nizami rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmuş gənclərlə görüş keçirilib
22 yanvar 2018-ci il tarixində Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunmuş gənclərlə görüş keçirilib.
Görüşdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib.
Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Müstəqil Azərbaycan Ordusunda xidmət etməyin hər bir gəncin müqəddəs borcu olduğunu qeyd edərək, hərbi xidmətlərini başa vuraraq doğma ailələrinə qayıdan gəncləri təbrik edib və onların valideynlərinə gözaydınlığı verib.
A.Qasımov hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olduğunu, Ali baş Komandan, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğunda böyük irəliləyişlərə nail olunduğunu diqqətə çatdırıb. 2016-cı il aprel döyüşləri və 2018-ci il Naxçıvanda Günnüt əməliyyatının bunlara canlı misal olduğunu söyləyib. Azərbaycan ordusunun BMT-nin sülhməramlı qüvvələrinin tərkibində Əfqanıstanda, İraqda və Sudanda sülh missiyasını yerinə yetirdiyini qeyd edən A.Qasımov, bunun çox qürurverici olduğunu vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi, polkovnik-leytenant Kənan Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunanları təbrik edərək, onlar haqqında məlumat verib.
Hərbi hissədən tərxis olunmuş gəncin valideyni Həvəsgül Heydərov və hərbi hissədən tərxis olunmuş gənc Taleh Seyfullayev hərbi xidmətdə əsgərlərə göstərilən diqqət və qayğıdan danışaraq öz ürək sözlərini söyləyiblər və Vətənimizin azadlığı, torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildiriblər.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxışında ordu quruculuğu istiqamətində aparılan bütün islahatların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizi azad etmək məqsədi daşıdığını, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu diqqətə çatdırıb.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə bir daha təbrik edərək onlara hərbi bilet və hədiyyələr təqdim edib.