Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı 20 Yanvar əlilləri və şəhid ailələri üzvləri ilə görüş keçirilib

19 yanvar 2019 | 16:00

19 yanvar 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş idarəsi və  Respublika Ağsaqqallar Şurasının Mətbuat Xidmətinin birgə təşkilatçılığı ilə “Yaşıl bağ” istirahət mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı 20 Yanvar əlilləri və şəhid ailələri üzvləri ilə görüş keçirilib və ehsan süfrəsi açılıb.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə 20 Yanvar faciəsi zamanı və torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş igid Vətən övladlarının xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 1990-cı ilin yanvar qırğınının böyük faciə olmasına baxmayaraq, Azərbaycan xalqının iradəsinin, milli azadlıq uğrunda mübarizə əzminin qırılmadığını bildirib və 20 Yanvar gününün xalqımızın yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olunduğunu vurğulayaraq, həmin dəhşətli gecədə həlak olan Vətən oğullarının Azərbaycan tarixinə parlaq səhifə yazdıqlarını diqqətə çatdırıb.

Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və 20 Yanvar əlili Gülağa Şərifzadə Qanlı Yanvardan artıq 29 il ötməsinə baxmayaraq, bu illər ərzində Azərbaycan xalqının öz şəhidlərini unutmadığını, igid övladlarının fədakarlığını iftixarla xatırladığını və onların əziz xatirəsini böyük ehtiramla yad etdiyini vurğulayıblar.

Tədbir 210 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı “20 Yanvar – Qəhrəmanlıq və şərəf günümüz” adlı ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.

Sonda Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar əlilləri və şəhid ailələri üzvlərinə maddi yardım göstərilib.

 

Fotolar: /gallery/36.html

Keçidlər