Nizami rayonunda Mülki müdafiənin vəziyyəti ilə bağlı toplantı keçirilib
29 yanvar 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi ilə birgə “Nizami rayonu üzrə Mülki müdafiənin vəziyyəti” mövzusunda toplantı keçirilib.
Toplantıda Rayon İcra Hakimiyyətinin və Bakı Regional Mərkəzinin əməkdaşları, yerli özünüidarəetmə orqanlarının, eləcə də xidmət sahələrinin, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak ediblər.
Toplantını açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qərib Məmmədov rayonda mülki müdafiə sahəsindəki mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr barədə çıxış edib.
Bakı Regional Mərkəzinin Nizami Rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi mayor Cavid Quliyev “Nizami rayonu üzrə Mülki müdafiənin vəziyyəti”, Bakı Regional Mərkəzinin Mülki müdafiə İdarəsinin rəis müavini polkovnik Yolçu Yolçuyev “Rayonda xəbərdarlıq sistemlərinin və mühəndis mühafizəsinin mövcud vəziyyətləri”, Bakı Regional Mərkəzinin Əhalinin və ərazilərin radiasiyası, kimya və tibbi-bioloji mühafizə şöbəsinin rəisi polkovnik-leytenant Fuad Abdurəşidov “Rayonda kimyəvi mühafizənin mövcud vəziyyəti” və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov “Mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlar zamanı mövzulara uyğun video-slaydlar nümayiş etdirilib.
Daha sonra Bakı Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik Mirzə Əsgərov çıxış edərək, rayonda mülki müdafiə işinin təşkilində problem və çatışmazlıqların aradan qaldırılması, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanmasının, maarifləndirmə tədbirlərinin təşkili və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb və mülki müdafiə işinin gücləndiriməsi istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verib.
Toplantıya yekun vuran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov mülki müdafiə sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırıması ilə bağlı aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verib.