Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları üzrə seminar keçirilib

28 yanvar 2019 | 16:00

28 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti (Nizami rayonu) Nizami Rayon İcra Hakimiyyəti ilə birgə “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə, 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları, 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti (Nizami rayonu) ərazisində fəaliyyət göstərən işəgötürənlər iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə iştirakçılara əmək funksiyası barədə məlumat verib və əmək funksiyasını tənzimləyən normativ aktları diqqətə çatdırıb.

Daha sonra, 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Kənan Fətəliyev, rəis müavini Anar Baqiyev, Baş Əmək müfəttişləri Riyazi Abbasov və İlqar Osmanov, Heydər Əliyev adına Neft Emalı Zavodunun Əməyin mühafizəsi üzrə mütəxəssisi Abdulrahman Eyvazov və Ağciyər Xəstəlikləri İnstitutunun həmkarlar təşkilatının sədri Rafiq Abuzərov çıxış edərək işçilərin əmək funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitinin təmin edilməsi məqsədilə işəgötürənlərin əmək qanunvericiliyindən irəli gələn vəzifələrini nəzərə çatdırıblar.

Bildirilib ki, işəgötürənlər əməyə görə əmək haqqının miqdarının müəyyən edilməsi və ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının  müəyyən edilməsi, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və əmək şəraitinin yaradılması,  əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi, istirahət vaxtından və məzuniyyətlərdən istifadə olunmasının təmin edilməsi kimi vəzifələri daşıyır. Həmçinin işəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi, işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması, əmək müqavilələrində və kollektiv müqavilələrdə nəzərdə tutulan digər şərtlər daxildir. 

Bununla yanaşı, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin hüquqi əsaslarından da bəhs olunaraq vurğulanıb ki, Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz, işəgötürən tərəfindən əmək şəraitinin şərtləri dəyişdirilərsə, dəyişdirilməzdən azı bir ay əvvəl işçi yazılı məlumat və ya əmrlə xəbərdar edilməlidir və işçinin əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.

Tədbir zamanı işçinin iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməsi, mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və s. ilə bağlı suallar cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırlanan əmək şəraiti, əmək funksiyası, onların tətbiqini tənzimləyən hüquq normaları barədə maarifləndirici bukletlər təqdim edilib.

 

Keçidlər