Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib

04 fevral 2019 | 16:00

4 fevral 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” İctimai Birliyi tərəfindən reallaşdırılan “Xüsusi qayğıya ehtiyacı olan yaradıcı gənclərin cəmiyyətə tanıdılması məqsədilə onların sərgilərinin təşkili” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib.

İki gün davam edən sərginin açılış mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” İctimai Birliyinin sədri Vüsalə Kərimova, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və başqaları bildiriblər ki, keçirilən bu layihədə əsas məqsəd uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyasıdır. Natiqlər bu gün Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həyata keçirilən işlərdən, birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu sahədəki fəaliyyətlərindən, əldə olunan nəticələr və nailiyyətlərdən danışıblar.

Çıxışlardan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Daha sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, əl işlərinin satışından əldə olunan vəsait xüsusi qayğıya ehtiyacı olan uşaqların ehtiyacları üçün sərf ediləcəkdir.

 

Keçidlər