Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib

23 fevral 2019 | 16:00

23 fevral 2019-cu il tarixində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə 32 №-li tam orta məktəbdə ümumrayon tədbiri keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və yeniyetmə-gənclər iştirak edib.

İlk öncə Xocalı faciəsinin qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, 32 №-li tam orta məktəbin direktoru Sevda Abdullayeva, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı  şəhərində soyqırımı aktını həyata keçirdiyini və həmin günün Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi yazıldığını, soyqırımı nəticəsində 613 nəfər dinc sakinin vəhşicəsinə öldürüldüyünü, 1000 nəfər müxtəlif yaşlı sakinlərin aldıqları güllə yarasından əlil olduqlarını və faciə baş verən gecə 1275 nəfərin girov götürüldüyünü  qeyd ediblər və bildiriblər ki, Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq dünya tərəfindən mühakimə olunmalıdır.

Natiqlər Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına  çatacağına, Azərbaycan xalqının  işğal altındakı bütün torpaqlarının yağı düşməndən  tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan  didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə ediblər.

Çıxışlardan sonra 32 №-li tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilərək Xocalı faciəsi barədə məlumatlar verilib.

Sonda “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi tərəfindən hazırlanmış Xocalı faciəsinə həsr edilən “Xocalıda məhv olmuş 8 ailə...” adlı sənədli filminin təqdimatı olub.

Tədbirdən sonra Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalıdan olan ailələrə maddi köməklik göstərilib.

Keçidlər