Nizami rayonunda Novruz bayramı və İlaxır çərşənbə qeyd edilib
Xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran dəyərli mərasimlərindən biri baharın gəlişi, təbiətin oyanışı münasibətilə qeyd edilən müqəddəs el şənliyi Novruz bayramıdır.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da Novruz bayramı və İlaxır çərşənbə təntənəli şəkildə qeyd edilib.
Bayram şənliyi 19 mart 2019-cu il tarixində Heydər bağı – park bulvarda keçirilib.
Tədbirdə rayonun təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər.
Bayram tonqalını alovlandıran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbir iştirakçılarını xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbə münasibətilə təbrik edib, dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.
Bayram tədbirində Novruz personajları – Bahar qızının könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tamaşaçılara xoş ovqat bəxş edib.
Bayram şənliyində rayon ərazisində yerləşən məktəblər, bağçalar, məktəbdənkənar müəssisələr tərəfindən Novruz bayramını tərənnüm edən sərgilər təşkil edilib, baharın gəlişini əks etdirən əl işləri, bayram xonçaları, səmənilər, müxtəlif bayram şirniyyatları təqdim olunub, idmançıların nümunəvi çıxışları göstərilib. Həmçinin şənlikdə ümumtəhsil məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər, Azərbaycan xalq nağılları əsasında təşkil edilmiş səhnəciklər, folklor nümunələri nümayiş etdiriblər, bahara həsr olunmuş şeirlər söyləyiblər.
Bayram tədbirində iştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və bayram şirniyyatları təqdim edilib.
Bayram şənliyi saat 17.00-da Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdiriləcək.
Bayram konsertindən görüntülər: