Nizami rayonunda “Diqlas" Ticarət Mərkəzindəki yanğından zərərçəkən sahibkarlarla görüş keçirilib
28 mart 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Diqlas" Ticarət Mərkəzindəki yanğından zərərçəkən sahibkarlarla görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsümov, sektor müdiri Tağı Tağıyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev, Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri Elçin Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natiq Həsənov, Nizami Rayon Prokuroru Pərviz İbayev və Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov iştirak ediblər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məlum hadisə ilə bağlı dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarını zərərçəkən sahibkara çatdırmaq üçün sözü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsümova verib.
Hüseyn Mövsümov “Diqlas" Ticarət Mərkəzində yanğın başlanan andan hadisənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi nəzarəti altında olduğunu bildirib. H.Mövsümov ölkə başçısının tapşırığını diqqətə çatdıraraq qeyd edib ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurum və zərərçəkən sahibkarların nümayəndələrindən ibarət komissiya təşkil ediləcək, ədalətli araşdırma aparılaraq hər bir zərərçəkən sahibkara dəymiş zərər dövlət tərəfindən ödəniləcəkdir.
Görüşdə iştirak edən sahibkarlar ölkə başçısını hər zaman dəstəklədiklərini və cənab İlham Əliyevin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 27 mart 2019-cu il tarixində də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən zərərçəkən sahibkarlar qəbul edilib və onların fikirləri dinlənilib.