Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib

28 mart 2019 | 16:00

28 mart 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İlk öncə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Dəyirmi masada Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi  Səadət Quliyeva,  Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  Metodiki birliyinin sədri Zahirə Paşayeva və tarix müəllimi Aygün Hadıyeva 1918-ci il 31 mart soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını qeyd edərək bildiriblər ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Zəngəzur, Qarabağ, Naxçıvan və ölkənin digər ərazilərində azərbaycanlılar amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər talan edilərək dağıdılmışdır. Soyqırımı nəticəsində 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1918-ci ildə ermənilər dinc əhaliyə qarşı vəhşiliklər, görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələri də vəhşicəsinə dağıtmış, məscidləri yandırmış, memarlıq incisi sayılan binaları yerlə-yeksan etmişlər. Natiqlər ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verildiyini və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktlarının bütün dünyaya çatdırıldığını, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini diqqətə çatdırıblar. Natiqlər azərbaycanlılara qarşı törədilən soyqırımının tanınmasında ölkədə və beynəlxalq səviyyədə bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonra dəyirmi masa müzakirələrlə davam edib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

Keçidlər